İranda iqtisadi problemlər fonunda baş verən etirazlarda ölənlərin sayı 5 min 2-yə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) açıqlayıb.
HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 26 min 752 nəfər saxlanılıb. Etirazlar zamanı yaranan qarşıdurmalarda 207 təhlükəsizlik əməkdaşı da daxil olmaqla ümumilikdə 5 min 2 nəfər həyatını itirib.
Agentlik bir gün əvvəl yaydığı məlumatda ölənlərin sayının 4 min 902 olduğunu bildirmişdi.
İran hökumətinin açıqladığı rəsmi rəqəmlərə əsasən isə, ölkədə etiraz aksiyaları dövründə 3 min 117 nəfər həlak olub. İran Şəhidlər və Qazilər Fondu yanında Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin dünən yaydığı bəyanatda bildirilib ki, baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər də daxil olmaqla 3 min 117 nəfər ölüb.
Açıqlamada qeyd olunub ki, həlak olanlardan 2 min 427 nəfər “silahlı terror qrupları” tərəfindən öldürülən təhlükəsizlik əməkdaşları və mülki vətəndaşlardır. Digər 690 nəfərin ölümü ilə bağlı isə hər hansı məlumat verilməyib.