Rusiya Venesuelanın sabiq Prezidenti Nikolas Maduronun dərhal azadlığa buraxılmasını tələb edir.
Manset.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında Moskvanın sözügedən məsələdəki mövqeyini ifadə edib.
Diplomat bildirib ki, hazırda istənilən müzakirənin başlaması üçün ilk addım Maduro və həyat yoldaşı Siliya Floresin azad edilməsidir.
Ryabkov Moskvanın Maduroya siyasi sığınacaq verib-verməyəcəyi ilə bağlı sualları cavablandırarkən qeyd edib ki, bu məsələ yalnız o azad edildikdən sonra müzakirə mövzusu ola bilər:
“Hazırda hər şey hipotetik xarakter daşıyır. Əsas məsələ onun azadlığa buraxılmasıdır”.
Xatırladaq ki, 3 yanvar tarixində ABŞ xüsusi təyinatlıları Venesuelada “Mütləq Qətiyyət” (“Operation Absolute Resolve”) adlı hərbi əməliyyat keçirərək Nikolas Maduronu və xanımını həbs ediblər. Onlar dərhal Nyu-Yorka aparılıb və hazırda Manhetten federal məhkəməsində narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları ilə mühakimə olunurlar.