Ev pişiklərində xərçəngin ilk ətraflı genetik xəritəsi xəstəliyin insanlardakı formaları ilə diqqətçəkən oxşarlıqlar daşıdığını ortaya qoyub. Bu inkişaf hər iki növdə də xərçəngin müalicəsi üçün yeni üsulların tapılmasına kömək edə bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alimlər təxminən 500 ev pişiyindən götürülmüş şiş DNT-lərini analiz edərək xəstəliklə əlaqəli əsas genetik mutasiyaları müəyyən ediblər. Pişiklərdə ən mühüm xəstəlik və ölüm səbəblərindən biri olan xərçəngin necə inkişaf etdiyi barədə indiyədək çox az məlumat var idi.
Baş tədqiqatçı Dr. Louise Van der Wayden bildirib ki, pişik xərçənginin genetikası bu günə qədər tam bir qapalı qutu olub və hər hansı bir növdə xərçəngi anlamaq hamı üçün faydalıdır.
Araşdırma nəticəsində pişiklərdə xərçəngə səbəb olan genlərin bir çoxunun insanlardakı ilə oxşarlıq təşkil etdiyi, hər iki növdə şişlərin böyüməsi və yayılmasına səbəb olan əsas bioloji proseslərin paylaşıldığı müəyyən edilib.
Alimlər ev pişiklərinin xüsusilə “triple negativ” kimi bəzi süd vəzi xərçəngi növlərinin öyrənilməsində açar rol oynaya biləcəyini bildiriblər. Bu alt növün pişiklərdə insanlara nisbətən daha tez-tez rast gəlinməsi yeni dərman və müalicə üsullarının hazırlanması üçün geniş nümunə bazası yaradır.