Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi son hücum nəticəsində şəhərin zəngin mədəni irsinə ciddi ziyan dəyib. Zərbə nəticəsində Xarkovun mərkəzində yerləşən və XX əsrin əvvəllərinə aid mühüm memarlıq abidəsi olan Xarkov Bədii Muzeyi dağıntılara məruz qalıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur memar Aleksey Beketovun layihəsi əsasında inşa edilmiş tarixi binada zərbədən dərhal sonra güclü yanğın başlayıb və tikilinin tamamilə uçma təhlükəsi yaranıb.
5 nəfər yaralanıb, eksponatlar zədələnib
İlkin məlumatlara görə, hücum zamanı həyatını itirən olmasa da, müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər qeydə alınıb. Partlayış dalğası və alov nəticəsində muzeydə qorunan bəzi unikal eksponatların və sənət əsərlərinin zədələndiyi bildirilir.
Şah əsərlərin sığınacaqlara təxliyəsi başlayıb
Muzey binasının çökmə və yanğının tamamilə genişlənmə riskini nəzərə alaraq, hadisə yerində dərhal genişmiqyaslı xilasetmə əməliyyatına start verilib. Muzeyin əməkdaşları, xilasedicilər, kommunal xidmət işçiləri və şəhər rəhbərliyi birgə qüvvə ilə qiymətli tabloları, rəsm əsərlərini və digər tarixi artefaktları tamamilə məhv olmaqdan xilas etmək üçün onları təcili şəkildə təhlükəsiz sığınacaqlara köçürməyə başlayıblar.
Fövqəladə hallar xidməti hazırda binada alovun söndürülməsi və konstruksiyanın bərkidilməsi istiqamətində işləri davam etdirir.