Avropa İttifaqı (Aİ) qurumları arasında 13 il davam edən danışıqlardan sonra hava yolu sərnişinlərinin hüquqları ilə bağlı mühüm yenilənmənin həyata keçirilməsi barədə razılıq əldə olunub. Yeni qaydalar sərnişinlərin müraciət prosesini asanlaşdıracaq, qaydalara əməl etməyən və problemlərə səbəb olan hava yolu şirkətlərinə qarşı isə daha ciddi kompensasiya və cərimə tədbirləri nəzərdə tutur.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, kompensasiya tələb edilə biləcək gecikmə hallarında hava yolu şirkətləri sərnişinləri çatış məntəqəyə çatdıqdan sonra 96 saat ərzində elektron şəkildə məlumatlandırmalı olacaq. Şirkətlər həmçinin sərnişinlərə malik olduqları hüquqlar və kompensasiya tələbinin necə təqdim olunması barədə aydın məlumat verməlidirlər.
Açıqlamada bildirilib ki, hava yolu şirkətləri kompensasiya müraciətini dərhal təsdiqləməli, ən geci 30 gün ərzində ya ödənişi həyata keçirməli, ya da müraciətin rədd edilməsinin səbəbini əsaslandırmalıdır.
Yeni qaydalara əsasən, uçuşların ləğvi və gecikməsi zamanı kompensasiya hüququ və ödəniş məbləğləri əvvəlki tətbiqə uyğun şəkildə saxlanılacaq. Uçuşun təyinat yerinə 3 saatdan çox gec çatması və ya uçuşun yola düşmə vaxtına 14 gündən az müddət qalmış ləğv edilməsi halında sərnişinlər kompensasiya tələb edə biləcəklər.