Antalya Belek Universitetinin 2025–2026-cı tədris ilinin Məzuniyyət Mərasimi iş, siyasət və akademik dairələrin geniş iştirakı ilə böyük coşqu və təntənə şəraitində keçirilib. Məzun olan tələbələr diplomlarını almağın qürurunu yaşayarkən, mərasimdə rəngarəng və yaddaqalan anlar yaşanıb.
Manset.az xəbər verir ki, məşhur aparıcılar Emre Tilev və Leyla Çelikin təqdimatında keçirilən möhtəşəm məzuniyyət mərasimində Antalya valisi Hulusi Şahin, Şimali Kipr Türk Respublikasının İctimai İşlər və Nəqliyyat naziri professor Erhan Arıklı, sabiq Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, sabiq Kənd Təsərrüfatı və Kənd İşləri naziri İlker Tuncay, CHP-nin Antalya millət vəkili Cavit Arı, Serik rayonunun kaymakamı Cemal Şahin, Serik bələdiyyə sədri doktor Kadir Kumbul, Muratpaşa bələdiyyə sədri Ümit Uysal, siyasi partiyaların vilayət və rayon rəhbərləri, Antalya Belek Universitetinin Qəyyumlar Şurasının sədri Ekrem Çalkılıç və rektor professor Abdullah Kuzu, akademik heyət, məzun tələbələr, onların valideynləri, eləcə də qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Mərasimin açılış və salamlama nitqini edən Antalya Belek Universitetinin Qəyyumlar Şurasının sədri Ekrem Çalkılıç gələcəyə yola saldıqları məzun tələbələrə həyat boyu yol göstərəcək üç mühüm tövsiyə verib.
Gənclərin daim öz üzərində işləməsinin vacibliyini vurğulayan Ekrem Çalkılıç bildirib ki, onlar ömürboyu öyrənməkdən heç vaxt vaz keçməməli, sürətlə inkişaf edən texnologiyalar dövründə süni intellektə qarşı daha bilikli və hazırlıqlı olmalı, həmçinin bütün uğurlarının təməlində hər zaman vicdanlı davranışı ön planda saxlamalıdırlar.
Ekrem Çalkılıç öyrənməyin yaş həddinin olmadığının ən gözəl və real nümunəsi kimi mərasimdə iştirak edən sabiq Kənd Təsərrüfatı və Kənd İşləri naziri İlker Tuncayı göstərib. Təhsilini 81 yaşında uğurla başa vuran İlker Tuncay alqış sədaları altında səhnəyə dəvət olunaraq magistr diplomunu alıb.
Sabiq nazir İlker Tuncayın nümayiş etdirdiyi bu əzm və iradə mərasimdə iştirak edən yeni məzun gənclər üçün böyük motivasiya mənbəyinə çevrilib.
Mərasim çərçivəsində ölkəyə və kənd təsərrüfatı sektoruna verdiyi töhfələrə görə sabiq Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirliyə Antalya Belek Universitetinin Senatı tərəfindən “Fəxri Doktor” adı təqdim edilib.
Protokol çıxışları və mükafatların təqdimatından sonra təhsillərini uğurla başa vuran yüzlərlə tələbə növbə ilə səhnəyə dəvət olunaraq məzun diplomlarını alıblar.
Məzuniyyət gecəsi tanınmış DJ Göktuğ Göncənin ifa etdiyi ritmik musiqilər sədaları altında möhtəşəm və yaddaqalan şənliklə başa çatıb.