Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə sabah görüş keçirəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov Filippinin paytaxtı Manilada keçirilən Rusiya–Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) toplantısından sonra mətbuat konfransı keçirib.
Nazir çıxışı zamanı ABŞ dövlət katibi Marko Rubio ilə görüş ehtimalına münasibət bildirərək deyib: "Görüşün keçirilməsi barədə razılıq əldə etmişik. Dünən cənab Rubio ilə qısa söhbətimiz oldu. Görüş sabah baş tutacaq. Ümid edirəm ki, onun nəticələri ilə bağlı təəssüratlarımızı bölüşmək imkanımız olacaq. Görüşün faydalı olacağını düşünürəm."
Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində görüş keçiriblər. Onun sözlərinə görə, həmin sammit zamanı Ukrayna böhranının həlli istiqamətində müəyyən razılaşmalar əldə olunub.
"Amerikalı həmkarlarımızın Ankoricdə irəli sürdükləri təkliflərdən hələ də imtina etmədiklərini əsas götürürük", – deyə Lavrov bildirib.