Türkiyənin Afyonkarahisar vilayətinin Çay rayonunda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, qəza Konya–Afyonkarahisar D-300 magistral yolunun Çay rayonu, Vakıf məhəlləsində yerləşən "Dörtyol" işıqforlu yolayrıcında, gecə saat 01:30 radələrində baş verib.
Məlumata görə, A.A.-nın (45) idarə etdiyi sərnişin avtobusu ilə 26 yaşlı Muammer Kıyarın idarə etdiyi minik avtomobili yolayrıcında toqquşub. Güclü zərbə nəticəsində minik avtomobili yolun ayırıcı zolağına çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü Muammer Kıyar və sərnişin Rahman Furkan Sarıkaya (27) ağır xəsarətlər alıblar. Hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılan yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Muammer Kıyar səhər saatlarında vəfat edib. Rahman Furkan Sarıkayanın vəziyyətinin ağır olduğu və müalicəsinin davam etdiyi bildirilib.
Faktla bağlı araşdırma başlanılıb, avtobusun sürücüsü A.A. saxlanılıb.