Rusiya Müdafiə Nazirliyi Kiyev və Lvov şəhərləri də daxil olmaqla, Ukraynanın 7 bölgəsinə zərbələr endirildiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynaya qarşı qurudan, havadan və dənizdən buraxılan uzaqmənzilli, yüksək dəqiqlikli silahlar, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə genişmiqyaslı hücum həyata keçirib.
Bildirilib ki, hücumlar zamanı Kiyev və Lvov şəhərlərində, həmçinin İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromlar, müdafiə sənayesi müəssisələri, hərbi telekommunikasiya və logistika mərkəzləri hədəfə alınıb.
Açıqlamada, həmçinin Yujnı limanında yerləşən bir quru yük gəmisinin, eləcə də Odessanın şərq və cənub hissələrində silah və hərbi texnika daşıdığı bildirilən daha iki quru yük gəmisinin vurulduğu qeyd olunub.