Həyatın ilk iki ilində şəkər istehlakının məhdudlaşdırılması gələcəkdə demensiyaya tutulma riskini azalda bilər. Alimlərin apardıqları yeni araşdırma erkən yaşlarda qidalanma vərdişlərinin beyin sağlamlığına uzunmüddətli təsir göstərdiyini ortaya qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma çərçivəsində Böyük Britaniyada 65 min nəfərin məlumatları təhlil edilib. Tədqiqat zamanı İkinci Dünya müharibəsindən sonra ölkədə tətbiq edilən şəkər məhdudiyyəti dövründə böyüyən insanların sağlamlıq göstəriciləri müqayisə olunub.
Müəyyən edilib ki, uşaqlıq dövründə şəkər istehlakı məhdud olan şəxslərdə sonrakı yaşlarda demensiyaya tutulma riski 23 faiz daha aşağı olub. Eyni zamanda, xəstəliyin yaranması orta hesabla 2,5 il gec baş verib.
Alimlər bildirirlər ki, 1953-cü ilin sentyabrında şəkər üzrə tətbiq edilən kvota ləğv olunduqdan sonra gündəlik orta şəkər istehlakı 41 qramdan 80 qrama yüksəlib. Məhz bu dəyişiklik tədqiqat üçün "təbii eksperiment" kimi qiymətləndirilib.
Tədqiqat müəlliflərinin qənaətinə görə, ana bətnindən başlayaraq uşağın həyatının ilk min günü beyin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə şəkər istehlakının məhdudlaşdırılması gələcəkdə beyin sağlamlığının qorunmasına və demensiya riskinin azalmasına müsbət təsir göstərə bilər.