İlin əvvəlindən bəri Nigeriyada 65 000-dən çox şübhəli vəba halı aşkar edilib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) Baş direktoru Cide İdris ölkədəki vəba epidemiyasının gedişatı ilə bağlı məlumatları bölüşüb. İdris qeyd edib ki, ilin əvvəlindən bəri 65 000-dən çox şübhəli vəba halı qeydə alınıb və bu hallar 35 ştatda, eləcə də təxminən 195 yerli idarəetmə bölgəsində aşkarlanıb.
İlin əvvəlindəki pik həddən sonra həftəlik vəba hallarının əhəmiyyətli dərəcədə azaldığını bildirən İdris, həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə ölüm nisbətində ciddi azalma olduğunu qeyd edib.
Xəstəlik hallarının azalmasının epidemiyanın bitdiyi anlamına gəlmədiyini vurğulayan İdris deyib: "Mövsümün əvvəlində qeydə alınan pik həddən sonra həftəlik halların əhəmiyyətli dərəcədə azalması və ölüm nisbətinin ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə aşağı düşməsi sevindirici haldır. Lakin tam aydın şəkildə bildirmək istəyirəm ki, epidemiya hələ bitməyib."