Silivri Respublika Baş Prokurorluğu "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı "FETÖ təbliğatı" iddiaları əsasında araşdırma aparılması barədə qərar qəbul edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanadakı şübhəli ölümünə dair aparılan istintaq çərçivəsində diqqətçəkən addım atıb.
Baş prokurorluq "Kurtlar Vadisi Pusu" serialı haqqında FETÖ təbliğatı iddiaları üzrə araşdırmalara başlanılmasına qərar verib.
Qəbul olunmuş qərara əsasən, sahə üzrə mütəxəssislərdən ibarət xüsusi ekspert komissiyası təyin edilib. Hazırlanacaq rəydə serialda yer alan ssenari quruluşu, dialoqlar və gizli mesajlar ətraflı şəkildə təhlil olunacaq. Aparılacaq texniki və məzmun təhlilindən sonra ekran işinin yayımlanan epizodlarında təşkilati göstərişlərin verilib-verilmədiyi və ekran əsərinin FETÖ ilə hər hansı əlaqəsinin olub-olmadığı dəqiqləşəcək.
Silivri Respublika Baş Prokurorluğunun yaydığı bəyanatda deyilir:
"Kaşif Kozinoğlunun 12.11.2011-ci il tarixində saxlanıldığı cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı Silivri Respublika Baş Prokurorluğumuz tərəfindən aparılan istintaq çərçivəsində;
Baş prokurorluğumuza daxil olan müraciətlər və istintaq materialları üzrə aparılan müəyyənetmələrin birgə qiymətləndirilməsi nəticəsində "Kurtlar Vadisi Pusu" adlı serialda yer alan "Kazım Kaşifoğlu" obrazının vətən xaini kimi qələmə verildikdən sonra öldürülməsi, bəzi səhnələrdə "FG" hərf qrupunu daşıyan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına yer verilməsi və serialın müəyyən epizodlarında FETÖ/PDY silahlı terror təşkilatının lehinə təbliğat, gizli mesaj, təşkilati göstəriş və ya yönləndirmə xarakterli məzmunların bulunması barədə iddiaların mütəxəssislərdən ibarət ekspert komissiyası tərəfindən araşdırılmasına qərar verilmişdir.
Ekspertiza araşdırması sözügedən iddiaların aydınlaşdırılmasına yönəlmişdir və istintaq tədbirləri hərtərəfli şəkildə davam etdirilir".