Yəməndəki İran yönümlü husilər Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkətinin Yambu şəhərindəki obyekti ilə Xamis Muşayt hərbi hava bazasını ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını bəyan ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri sosial şəbəkə hesabında etdiyi paylaşımda Səudiyyə Ərəbistanının Yəməndə 450-dən çox hava zərbəsi endirdiyini iddia edib.
Obyektin birbaşa vurulduğunu iddia edən Səri, həmçinin Xamis Muşayt hərbi hava bazasının da bir neçə ballistik raketlə hədəfə alındığını qeyd edib.
Husilərin sözçüsü Səudiyyə Ərəbistanının daxili ərazilərinə zərbələri davam etdirəcəklərini vurğulayaraq, "mühasirəyə qarşı mühasirə, hücuma qarşı hücum" prinsipi ilə cavab verəcəklərini ifadə edib.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı tərəfindən husilərin hücum iddiası ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, husilərin hərbi sözçüsü səhər saatlarında yaydığı bəyanatda Səudiyyə Ərəbistanına məxsus "F-15" qırıcı təyyarəsini vurduqlarını da iddia etmişdi.