İraqda təxminən 10 ildir uçuşlara qadağa qoyulan hava məkanlarının yenidən mülki aviasiyanın istifadəsinə verildiyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İraq Hava Limanları və Hava Naviqasiyası Baş Şirkətinin direktoru İhap Səəd Kərim Bağdadda keçirdiyi mətbuat konfransında bildirib ki, əvvəllər qadağan edilən ərazilər təhlükəsizlik əməliyyatları məqsədilə istifadə olunub.
Onun sözlərinə görə, həmin ərazilər Silahlı Qüvvələrin Baş Komandanlığı Aparatı ilə razılaşdırılaraq rəsmi şəkildə Hava Limanları və Hava Naviqasiyası Baş Şirkətinə təhvil verilib. Bununla da sözügedən ərazilərdə mülki təyyarələrin uçuşlarına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Kərim bildirib ki, qərbdən şimala və cənuba qədər uzanan, əvvəllər uçuşların məhdudlaşdırıldığı bütün ərazilər artıq mülki aviasiyanın istifadəsinə açıqdır.
“Hava məkanı üzərində suverenlik artıq tamamilə iraqlıların əlindədir”, - deyə o vurğulayıb.
İraqın hava məkanı ilə bağlı məlumatların yenilənməsi istiqamətində işlərin davam etdiyini bildirən Kərim qeyd edib ki, yenilənmiş məlumatlar beynəlxalq aviaşirkətlərə rəsmi şəkildə təqdim olunacaq.