Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyadan ABŞ-a məxsus “Typhon” raket sistemlərini ölkə ərazisindən çıxarmağı tələb etdiklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova yazılı açıqlamasında ABŞ-a məxsus “Typhon” raket sistemlərinin Yaponiyanın Kyuşu adasında yerləşdirildiyini qeyd edib.
O bildirib ki, bununla bağlı sentyabrın 3-də Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası təqdim edilib. Zaxarovanın sözlərinə görə, bu addım Rusiyanın milli təhlükəsizliyi və regional təhlükəsizlik üçün təhdid yaradır.
“Yaponiyaya bu sistemlərin hər hansı əsasla, müddətindən asılı olmayaraq, ərazisində yerləşdirilməsinin qəbuledilməz olduğu bildirilib. Yaponiya tərəfdən bu cür addımlara son qoyması və sözügedən sistemləri ərazisindən çıxarması tələb edilib”, - deyə Zaxarova bildirib.
O, həmçinin Yaponiya rəhbərliyinin İkinci Dünya müharibəsinin nəticələrini, o cümlədən Cənubi Kuril adaları ilə bağlı ərazi məsələsini qəbul etməli və yenidən silahlanma siyasətindən imtina etməli olduğunu vurğulayıb.
Zaxarova Çinin də buna bənzər məzmunlu notanı Yaponiyaya təqdim etdiyini bildirib.