Fransa kəşfiyyat xidmətlərinin Rusiyanın ehtimal olunan böyük bir hücumu üçün 2027-ci ilin payızını proqnozlaşdırdığı iddia olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər 2030-cu il kimi dəyərləndirilən ssenaridə kritik infrastruktur obyektlərinin hədəf alına biləcəyi bildirilir. Fransada Rusiya mənşəli ehtimal olunan hücumlarla bağlı yeni dəyərləndirmə gündəmə gəlib.
Fransa ictimai yayımçısı "France Télévisions"ın kəşfiyyat mənbələrinə istinadən verdiyi xəbərə görə, Rusiyanın ehtimal olunan böyük hücumu üçün daha əvvəl 2030-cu il kimi proqnozlaşdırılan müddət 2027-ci ilin payızına çəkilib.
İddiaya əsasən, ehtimal olunan hücumlarda elektrik stansiyaları və elektrik şəbəkələri, dəmir yolları, telekommunikasiya şəbəkələri və içməli su obyektləri kimi kritik infrastrukturlar hədəf alına bilər.
Fransa hərbi kəşfiyyatının keçmiş yüksəkrütbəli rəsmilərindən Alen Kristian (Alain Christienne) ehtimal olunan ssenarilərdən birinin müdafiə sənayesinə aid bir obyektə partlayıcı daşıyan PUA ilə hücum təşkil edilməsi ola biləcəyini deyib.
A.Kristian belə bir hücumun arxasında Rusiyanın dayandığını sübut etməyin də çətin ola biləcəyini vurğulayıb.