İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ istehsalı MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH bununla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Hörmüz boğazı səmasında MQ-1 tipli PUA İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanıb və vurulub.
ABŞ ordusu isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.
ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 tipli PUA-lar ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün hazırlanıb. Sonrakı mərhələdə bu aparatlar əlavə kameralar və raketlərlə təchiz edilərək onların imkanları genişləndirilib.