Yaxın günlərdə İran prezidenti Məsud Pezeşkian Türkmənistana səfər edəcək.
Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
"İran prezidenti səfər çərçivəsində iki önəmli konfransda iştirak edəcək.
İran prezidentinin iştirak edəcəyi 1-ci konfrans Bioloji Müxtəliflik Haqqında Konvensiyaya üzv dövlətlərin 17-ci konfransıdır.
2-ci konfrans isə 8 oktyabrda keçiriləcək MDB-yə üzv dövlətlərin dövlət başçılarının sammitidir. İran prezidenti MDB-yə üzv dövlətlərin dövlət başçılarının sammitində xüsusi qonaq olaraq iştirak edəcək", -deyə o bildirib.
Bəqai deyib ki, İran prezidentinin səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian ötən il dekabr ayında Türkmənistana səfər edib. Səfər çərçivəsində İran prezidenti Beynəlxalq Sülh və Etimad Konfransında iştirak edib, Türkmənistan rəsmiləri, eləcə konfransda iştirak edən bəzi ölkələrin dövlət başçıları ilə görüşərək ikitərəfli danışıqlar aparıb.