Məşhur oyun şirkəti Capcom onlayn üzvlük xidməti olan Capcom ID-yə qarşı həyata keçirilən kiberhücum nəticəsində 11 milyon 774 min 247 hesaba aid məlumatların oğurlandığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, elektron poçt ünvanları və hesab fəaliyyəti ilə bağlı məlumatlarla yanaşı, bəzi istifadəçilərin şəxsi məlumatlarının da ələ keçirildiyi bildirilib. Capcom istifadəçilərinə fişinq hücumlarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Capcom-un açıqladığı məlumata görə, hücum dünyanın müxtəlif ölkələrində yaşayan Capcom ID istifadəçilərinin hesablarını əhatə edib. Sızdırılan məlumatlar arasında elektron poçt ünvanları, hesabların yaradılma tarixləri, son giriş məlumatları, hesablara daxilolmaların sayı və son bağlantı zamanı istifadə edilmiş IP ünvanları yer alıb.
Bəzi hesablara aid doğum tarixi, cins, ölkə və ya bölgə, eləcə də istifadəçi adı məlumatlarının da ələ keçirildiyi bildirilib.