Meksikada Qvadalaxara kartelinin qurucusu Migel Anxel Feliks Qalyardo çoxsaylı orqan çatışmazlığı səbəbindən 80 yaşında dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun ölümü Latın Amerikası cinayət tarixində bir dövrün başa çatması kimi qiymətləndirilir.
Məhkumun saxlanıldığı Xalisko ştatının Təhlükəsizlik Katibliyinin yazılı açıqlamasında bildirilib ki, səhhətinin vəziyyəti ağır olduğu üçün həkim nəzarətində saxlanılan Feliks Qalyardo çoxsaylı orqan çatışmazlığı inkişaf etdikdən sonra tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, Feliks Qalyardo Xalisko ştatındakı Puente Qrande həbsxanasında 40 illik həbs cəzasını çəkirdi. Qanda oksigen səviyyəsinin aşağı düşməsi və xroniki sağlamlıq problemləri səbəbindən o, noyabrın 13-də gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Qvadalaxaradakı özəl xəstəxanaya yerləşdirilmişdi.