Ermənistan rəhbərliyi dövlət sərhədləri üzərində mütləq nəzarətin tədricən yerli qüvvələrə təhvil verilməsini özündə cəmləşdirən irimiqyaslı sərhəd xidməti islahatı planlaşdırır.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" nəşri məlumat yayıb.
Qeyd olunur ki, noyabrın 26-da baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən iclasda baş nazirin müavinləri - Mqer Qriqoryan və Tiqran Xaçatryan, Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Andranik Simonyan, Silahlı Qüvvələrini Baş Qərargah rəisi Edvard Asryan, müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarkisyan, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Hökumətin yaydığı rəsmi açıqlamaya əsasən, toplantıda sərhəd xidmətinin potensialının artırılması, infrastrukturun yenilənməsi, çevik idarəetmə, xarici təcrübədən istifadə və sərhədlərin kompleks idarə olunması sisteminin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Lakin nəşrin əldə etdiyi məlumatlara görə, aparılan müzakirələrin təməlində daha böyük bir hədəf - Ermənistanın öz dövlət sərhədlərini tamamilə müstəqil şəkildə qorumasına keçid məsələsi dayanır.
Qəzet vurğulayır ki, Paşinyan bu yaxınlarda keçirdiyi brifinqdə Rusiya sərhədçilərinin ölkədəki mövcudluğu məsələsini yenidən gündəmə gətirib. O, Rusiya tərəfinə uzunmüddətli xidmətlərinə görə minnətdarlığını bildirərək qeyd edib ki, gələcək illərdə Ermənistan sərhədlərinin qorunması məsuliyyətini tam olaraq təkbaşına daşımalıdır.
Baş nazir hələ noyabrın 2-də dövlət sərhədi üzərindəki nəzarətin mərhələli şəkildə Ermənistanın sərhəd xidmətinə təhvil verilməsi planlarından bəhs etmişdi. Hökumət rəhbərinin sözlərinə görə, həmin proses həm də sərhəd qoşunlarının statusunun yenilənməsini tələb edir.
Nəşr qeyd edir ki, Nazirlər Kabinetinin 2026-2031-ci illəri əhatə edən proqramında yerli sərhədçilərin nəzarət etdiyi ərazilərin tədricən artırılması, sərhəd xidmətində hərbi elementlərin azaldılması və mütərəqqi beynəlxalq təcrübənin mənimsənilməsi planlaşdırılır.
Qurumlararası əməkdaşlığın, informasiya mübadiləsinin inkişaf etdirilməsi, eləcə də risklərin analizi və sərhəd yoxlamaları mexanizmlərinin təkmilləşdirilməsi xüsusi diqqət mərkəzindədir.
Bu fəaliyyətlər istiqamətində Ermənistan MTX xarici tərəfdaşlarla birgə iş aparır. Belə ki, 2026-cı ilin sentyabr ayında MTX-nin sərhəd qoşunlarının təmsilçiləri Finlandiyaya səfər edib, orada sərhəd nəzarəti mexanizmləri, kadr hazırlığı üsulları və xidmətin quruluşu ilə yaxından tanış olublar.
Eyni zamanda, nəşr sərhəd sistemindəki bu islahatları Ermənistanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişlə bağlı aparılan danışıqlarla əlaqələndirir. Noyabrın 1-dən ölkədə yeni biometrik pasport sistemi tətbiq olunmağa başlayıb. Elektron keçid məntəqələrinin qurulması ilk olaraq "Zvartnots" aeroportunda, ardınca isə quru sərhədlərində həyata keçiriləcək.
Qeyd edək ki, hazırda bütün sərhəd-keçid məntəqələri erməni sərhədçiləri tərəfindən müstəqil şəkildə yoxlanılır. Türkiyə və İranla sərhədin bəzi istiqamətlərində onlar 2025-ci il yanvarın 1-dən etibarən rusiyalı sərhədçilərlə bərabər fəaliyyət göstərirlər. "Zvartnots" beynəlxalq hava limanında isə Rusiya sərhədçilərinin fəaliyyətinə 2024-cü ilin avqust ayında son qoyulub.