Dünyanın ən böyük neft ixracatçılarının yaratdığı OPEC təşkilatı ABŞ-nin bütün etirazlarına baxmayaraq, neft hasilatını azaltmaq qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti Baydenin iyul ayında Səudiyyə Ərəbistanında şahzadə Salmanla qiymətləri endirmək üçün keçirdiyi görüş nəticə vermədi.
ABŞ mətbuatı Baydenin siyasətinin uğursuz olduğunu şərh edib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre də OPEC-i "Rusiya ilə eyni yerdə dayanmaqda" ittiham edib. Bayden administrasiyası, "səhlənkarlıq" olaraq xarakterizə etdiyi tədarük çatışmazlığının Ukraynanın işğalı nəticəsində yaranan mənfiliklərlə mübarizə apararkən qlobal iqtisadiyyata əlavə yük yaradacağını vurğulayıb.
OPEC-in qərarından sonra ABŞ Konqresindəki demokratlar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini “ABŞ-a qarşı fəal işləməkdə” ittiham edərək, Amerika qoşunlarının bu ölkələrdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim ediblər.
Neft qiymətlərini aşağı saxlamaq üçün mübarizə aparan ABŞ bu məqsədlə dünyanın ən böyük ehtiyat ölkəsi olan Venesuelaya qarşı sanksiyaları yumşaltmağa hazırlaşır. Amerikanın “Wall Street Journal” qəzetinin xəbərinə görə, ABŞ-nin “Chevron” şirkətinə bu ölkədən neft çıxarmağa icazə veriləcək. Təfərrüatları hələ müzakirə olunmayan müqavilənin bu ayın sonunda açıqlanacağı gözlənilir.