Almaniya Parlamentinin Ukraynada 1932-1933-cü illərdə aclıq səbəbilə milyonlarla insanın həyatını itirdiyi Qolodomoru soyqırım kimi tanımasından sonra Rusiya Xarici İşlər Nazirliyi qərara reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada Almaniyanın öz tarixini yenidən yazmağa çalışdığı vurğulanıb və bu ifadələrə yer verilib:
“Almaniya Federal Məclisi noyabrın 30-da Ukrayna Sovet Sosialist Respublikası ərazisində 1932-1933-cü illərdə baş vermiş kütləvi aclığı “Ukrayna xalqının soyqırımı” kimi tanıyan qətnamə qəbul edib. Sovet rəhbərliyi buna cavabdehdir. Eyni zamanda, o vaxtlar təkcə Ukraynada deyil, ölkəmizin bütün ərazisində milyonlarla insanın həyatına son qoyan dəhşətli aclığın getdiyini də səssizcə ört-basdır edirlər. Almanlar öz tarixlərini yenidən yazmağa və İkinci Dünya Müharibəsi zamanı törətdikləri dəhşətlərə görə peşmanlıqlarını unutmağa çalışırlar. Alman siyasi elitası Ukrayna milli radikalları tərəfindən uydurulmuş və Sovet İttifaqına aid edilən soyqırım aktından istifadə edərək öz cinayətlərini azaltmağa çalışır. Onlar İkinci Dünya Müharibəsində nasist Almaniyasının törətdiyi çoxsaylı qeyri-insani cinayətlərin misli görünməmiş təbiəti haqqında yaddaşlara kölgə salmağa çalışırlar. Almaniya Bundestaqı faşist, irqçi və ayrı-seçkilik ideologiyasını canlandıran və müharibə cinayətlərini bağışlamağa çalışan bu cür əxlaqsız qərarlardan utanmalıdır”.