Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər arasında qarşılıqlı ödənişlərdə milli valyutanın qəbulu prosesinin sürətləndirildiyini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Qırğızıstanın paytaxtı Bişkekdə prezident Sadir Japarovun sədrliyi ilə Ali Avrasiya İqtisadi Şurasının iclasındakı çıxışında bu il Avrasiya İqtisadi İttifaqında gömrük və inzibati maneələrin aradan qaldırılması ilə bağlı bir sıra qərarların qəbul edildiyini bildirib:
“Qarşılıqlı ödənişlərdə milli valyutaya keçid, ortaq ödəniş infrastrukturunun yaradılması, milli maliyyə məlumatlarının ötürülməsi milli sistemlərinin inteqrasiyası prosesi sürətlənib. Enerji sahəsində də əməkdaşlıq getdikcə daha fəal inkişaf edir. Hazırkı iclasın yekunlarına əsasən, Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlərin enerji sektoru üzrə səlahiyyətli orqanlarından ibarət prezidentlər şurasının yaradılması qərara alınacaq. Biz qapalı iclasda kifayət qədər açıq və aydın danışdıq. Qarşılıqlı anlaşma var, biz bütün planlarımızı həyata keçirməyə doğru gedəcəyik. Rusiya milli iqtisadiyyatların əsas enerji resurslarının uzunmüddətli təchizatı və ittifaq üçün ümumi enerji bazarlarının yaradılması ilə bağlı məsələləri peşəkar şəkildə həll edəcək belə bir koordinasiya strukturunun yaradılmasını dəstəkləyir”.