Böyük Britaniya hücumlarda istifadə edilən pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə məşğul olan iranlı iş adamlarına, həmçinin Ukraynaya qarşı raket zərbələri ilə əlaqəli 12 rus hərbi komandirinə qarşı sanksiyalar tətbiq edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İranın Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı göndərərək Rusiyanın ən böyük hərbi dəstəkçilərindən birinə çevrildiyi və İran istehsalı olan pilotsuz təyyarələrin mülki şəxslərə hücumlarda mərkəzi rol oynadığı bildirilib.
Həmçinin, Ukraynaya qarşı hücumların həyata keçirilməsi üçün istifadə edilən pilotsuz uçuş aparatlarının istehsalı və yaxud tədarükündə iştirak edən iranlı iş adamlarına və bir hərbi məmura qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib.
İngiltərənin yeni sanksiyalarında Ukraynanın mülki infrastrukturuna hücumlarından sonra Rusiya ordusundakı 12 komandir hədəf alınıb.
Açıqlamada sanksiya tətbiq ediləcək şəxslərin adlarının İngiltərədə dondurulacağı və bu şəxslərə səyahət qadağası qoyulacağı vurğulanıb.