İsveçin üzvlüyünə parlamentdən icazə verməyən yeganə NATO ölkəsi olaraq qalan Macarıstan parlamentinin sədri Laszlo Kover bu mövzuda tələsmədiklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətdə olan Macarıstanın baş naziri Viktor Orban dünən verdiyi açıqlamada Macarıstan deputatlarını İsveçin namizədliyi ilə bağlı protokolu tez bir zamanda təsdiqləməyə çağırıb.
Macarıstanda parlament təqvimi deputatlara ən tez fevralın 1-də iclas keçirməyə icazə verir. Bununla belə, müxalifətdəki Sosialist partiyası ötən həftə İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün növbədənkənar sessiyanın keçirilməsini tələb edəcəyini açıqlamışdı.
Orbanın rəhbərlik etdiyi iqtidar partiyası Fidesz-in qurucularından olan parlament sədri Laszlo Kover Macarıstanın index.hu xəbər saytına verdiyi açıqlamada, “Həmişə Macarıstanın maraqlarına zidd fəaliyyət göstərən müxalifət partiyalarından birinin növbədənkənar sessiya çağıracağına şübhəm yoxdur. Amma bu, yəqin ki, uğur qazanmayacaq. Heç bir xüsusi təcili vəziyyət hiss etmirəm. Mən bunun fövqəladə bir vəziyyət olduğunu düşünmürəm" deyə bildirib.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq İsveçin üzvlüyünə dair protokolun Türkiyə Böyük Millət Məclisində qəbul edilməsindən sonra Macarıstandan da eyni addımı gözlədiyini bildirmişdi.
Əfsanə
Manşet.az