Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.
Bu barədə Manset.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.
Nazirlik sözçüsü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.
***15:06
Ermənistanda ağır atletika üzrə Avropa çempionatında iştirak etməli olan Azərbaycan idmançıları artıq İrəvanı tərk ediblər.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan idman nazirinin müavini Karen Giloyan Azərbaycan idmançılarının artıq sərhəddən keçdiklərini bildirib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.