İspaniya 1-ci Futbol Liqasının önəmli komandalarından olan "Real Madrid"in məşhur braziliyalı futbolçusu Vinisius Junior son liqa matçında "Valensiya" ilə oynanılan matçda yenidən irqçi şüarlara məruz qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Valensiya"nın "Real Madrid"i 1:0 hesabı ilə məğlub etdiyi matçın 71-ci dəqiqəsində "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior "Valensiya" tribunasından bir azarkeşin onu irqçiliklə təhqir etməsi səbəbindən oyunu dayandırıb.
Braziliyalı futbolçu matçdan sonra verdiyi açıqlamada "İspaniya liqası artıq irqçilərindir" deyərək reaksiya versə də, ona ən böyük dəstək Real Madridin baş məşqçisi Karlo Ançelottidən gəlib.
22 yaşlı qaradərili Junior, sosial media hesabından verdiyi açıqlamada, “Bu, ilk dəfə deyil, ikinci və ya üçüncü dəfə deyil. La Liqada irqçilik adi hala çevrilib. Federasiya kimi digər komandalar bunun normal olduğunu düşünür. Rəqiblər bunu təşviq edirlər. Bir vaxtlar Ronaldinyo, Ronaldo və Messinin olduğu liqa indi irqçilərin əlindədir... Amma mən güclüyəm və irqçilərə qarşı sona qədər mübarizə aparacağam” – yazıb.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva açıqlamasında milli futbolçuya qarşı irqçi şüarları kəskin şəkildə pisləyib.
G7 sammitində iştirak etdiyi Yaponiyanın Hirosima şəhərində mətbuata açıqlama verən Silva milli futbolçunu dəstəkləyərək, “21-ci əsrin ortalarında bu qədər futbol stadionunda hələ də belə güclü irqi qərəzliliyin olması mümkün deyil" - ifadəsini işlədib.
Matçdan sonra təşkil edilən mətbuat konfransında danışan "Real Madrid"in italiyalı baş məşqçisi Ançelotti bunları deyib: "Futbol haqqında danışmaq istəmirəm. Çox əsəbləşirəm. Bu gün burada baş verənlər utancvericidir. Bütün stat Vinisiusa onun meymun olduğunu qışqırdı. İspaniya liqasında problem var və bu Vinisius deyil. O, sadəcə qurbandır. Futbolu belə oynamaq olmaz. Qarşılaşmada qalib gəlsəydik, yenə eyni sözləri deyərdim. Baş verənlər çox ciddidir".
Matç boyu Vinisius Juniorun təhqir edildiyini və bunun çox üzücü olduğunu dilə gətirən Ançelotti, "Bu, böyük komandaların iştirak etdiyi liqadır. Amma biz bu problemi aradan qaldırmalıyıq. 2023-cü ildəyik. Yeganə həll yolu matçı dayandırmaqdır. Futbolda irqçiliklə bağlı protokol var, amma həll yolu matçı dayandırıb evə getməkdir” - əlavə edib.
Hadisədən sonra Vinisius Juniorla danışdığını açıqlayan 63 yaşlı məşqçi bunları deyib:
"Oynamağa davam etmək istəyib-istəmədiyini soruşdum. Ona günahkar olmadığını və getməməli olduğunu söylədim. Amma texniki adam üçün belə bir şey haqqında danışmaq çox çətindir. Mən istərdim ki, futbolçumu çıxışına görə dəyərləndirim, taktika haqqında fikirləşim, ancaq o, oyuna girəndə və ya oyundan çıxanda bu haqda fikirləşim. Futbolçunu irqçiliyə görə uzaqlaşdırmalı olduğumu düşünmək çox pisdir”.
Ançelotti matçın son dəqiqələrində rəqibini dirsəklədiyi səbəbiylə Vinisius Juniorun qırmızı vərəqə ilə qovulmasını da dəyərləndirib: “Vinisius kədərlidir, çünki onun bütün istədiyi futbol oynamaqdır. O, həmin mövqedə rəqibindən qurtulmağa çalışırdı. Qəzəbli deyildi, kədərli idi. Fikrimcə, irqçilik halında matç dayandırılmalıdır. Dəli olan futbolçu deyil, stadion idi. İlk dəfə irqçi təhqirlər edən bir stadion görürəm”
Manşet.az