Tovuzda valideynlərdən hədiyyə olaraq zinət əşyası tələb edən müəlliməyə töhmət verilib.
Manset.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
"Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliməsinə zinət əşyasının alınması ilə bağlı video yayılıb.
Sözügedən video mayın 24-ü qeyri-iş günü, məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəlliməyə təqdim edilib.
Bununla yanaşı, bildiririk ki, təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur.
Bu baxımdan, valideynlərə bir daha müraciət edərək xatırladırıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.
Etik davranış qaydalarını pozduğuna görə müəlliməyə töhmət verilib", - cavabda qeyd olunub.
***
12:23
Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb.
Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Görüntülərin rayonun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə işləyən Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Videoda sıraya düzülən qadınlardan biri müəllimənin barmağına qızıl üzük taxır.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: