Azərbaycan Dillər Universiteti (ADU)
nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta
məktəb şagirdləri arasında keçirilən 19-cu Beynəlxalq “Çin dili körpüsü”
müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Çinin
Azərbaycandakı səfiri Lu Mey müsabiqənin Azərbaycan üzrə final mərhələsinin
keçirilməsi münasibətilə iştirakçıları təbrik edib, təşkilatçılara və tədbirin
hazırlanmasında əməyi olan müəllim və tələbələrə təşəkkürünü bildirib.
Səfir Çin və Azərbaycan arasında
dostluq münasibətlərinin qədim İpək Yoluna söykəndiyini qeyd edərək, bu
əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki,
Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin
tərəfindən iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasının
elan olunması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb və
humanitar sahədə əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait formalaşdırıb.
Lu Mey çıxışında, həmçinin 2024-cü
ildə BMT Baş Assambleyasında qəbul edilmiş və Azərbaycanın da dəstəklədiyi
“Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü” haqqında qətnaməyə toxunub. O, bu
təşəbbüsün xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın
möhkəmləndirilməsinə, dialoq və əməkdaşlığın təşviqinə xidmət etdiyini qeyd
edib.
Səfir gənclərin Çin-Azərbaycan
münasibətlərinin gələcək inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların
iki xalq arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə
verəcəyinə əminliyini ifadə edib. O, Çinin Azərbaycanda təhsil və humanitar
sahələrdə əməkdaşlığın inkişafına dəstək göstərməyə hazır olduğunu da diqqətə
çatdırıb.
Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru Jalə Qəribova çıxış edərək universitet nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutunun Çin dilinin tədrisi, Çin mədəniyyətinin
tanıdılması və Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına mühüm töhfə
verdiyini bildirib. O, müsabiqənin gənclərin dil bacarıqlarının inkişafı və
mədəniyyətlərarası ünsiyyətin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Konfutsi
İnstitutunun direktoru Rafiq Abbasov “Çin dili körpüsü” müsabiqəsinin uzun
illərdir Azərbaycanda uğurla təşkil olunduğunu qeyd edib. O, yarışın
iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli imkan yaratdığını
bildirərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Müsabiqə çərçivəsində iştirakçılar Çin
dili üzrə bilik və bacarıqlarını nümayiş etdirib, müxtəlif mövzular üzrə
təqdimatlarla çıxış ediblər.
Sonda qaliblər müəyyənləşdirilərək
mükafatlandırılıb. Müsabiqənin birinci yer üzrə qalibi, Konfutsi İnstitutunun
tələbəsi, 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Selcan Cəfərli
“Ümumdünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ
qazanıb.