logo
logo logo
logo

ADU-da “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

17:20 - 10 İyun 2026

ADU-da “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilən 19-cu Beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey müsabiqənin Azərbaycan üzrə final mərhələsinin keçirilməsi münasibətilə iştirakçıları təbrik edib, təşkilatçılara və tədbirin hazırlanmasında əməyi olan müəllim və tələbələrə təşəkkürünü bildirib.

Səfir Çin və Azərbaycan arasında dostluq münasibətlərinin qədim İpək Yoluna söykəndiyini qeyd edərək, bu əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasının elan olunması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb və humanitar sahədə əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait formalaşdırıb.

Lu Mey çıxışında, həmçinin 2024-cü ildə BMT Baş Assambleyasında qəbul edilmiş və Azərbaycanın da dəstəklədiyi “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü” haqqında qətnaməyə toxunub. O, bu təşəbbüsün xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, dialoq və əməkdaşlığın təşviqinə xidmət etdiyini qeyd edib.

Səfir gənclərin Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların iki xalq arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Çinin Azərbaycanda təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafına dəstək göstərməyə hazır olduğunu da diqqətə çatdırıb.

Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edərək universitet nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin dilinin tədrisi, Çin mədəniyyətinin tanıdılması və Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib. O, müsabiqənin gənclərin dil bacarıqlarının inkişafı və mədəniyyətlərarası ünsiyyətin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin dili körpüsü” müsabiqəsinin uzun illərdir Azərbaycanda uğurla təşkil olunduğunu qeyd edib. O, yarışın iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli imkan yaratdığını bildirərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Müsabiqə çərçivəsində iştirakçılar Çin dili üzrə bilik və bacarıqlarını nümayiş etdirib, müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Sonda qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Müsabiqənin birinci yer üzrə qalibi, Konfutsi İnstitutunun tələbəsi, 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Selcan Cəfərli “Ümumdünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az