Psixoloqların fikrincə, həftədə cəmi bir axşam yeməyini evdən kənarda keçirmək həddindən artıq yüklənmiş sinir sisteminin rahatlamasına, beynin isə daimi gərginlik və səfərbərlik rejimindən çıxaraq dərin sakitlik vəziyyətinə keçməsinə kömək edir. Burada söhbət ideal və filmlərdəki kimi piknik mənzərəsi yaratmaqdan deyil, hər kəsin asanlıqla tətbiq edə biləcəyi sadə bir vərdişdən gedir. Bu ritual gündəlik istirahətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.
Manset.az Lent.az-a istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, müasir insanların əksəriyyəti yeməklərini qapalı məkanlarda, iş masasının arxasında, televizor qarşısında və ya əlində smartfonla qəbul etməyə öyrəşib.
Belə şəraitdə qida qəbulu şüursuz bir vərdişə çevrilir və orqanizm iş gününün başa çatdığını belə hiss etmir. Halbuki, məhz axşam yeməyi psixoloji vəziyyətin yaxşılaşdırılması baxımından böyük potensiala malikdir.
Psixoterapevt Xloya Bin izah edib ki, açıq havada təşkil olunan şam yeməyi insanın zehni fəaliyyətinə və sinir sisteminə sürətli şəhər həyatında çox ehtiyac duyduğu fasiləni verir. Təbii mühit sensor qavrayışı dəyişdirir və bədənə təhlükəsizlik, sakitlik siqnalı ötürür. Bu sadə vərdiş emosional vəziyyətə kompleks şəkildə təsir göstərərək stress göstəricilərini azaldır, diqqəti cəmləmək qabiliyyətini bərpa edir və yaxınlarla ünsiyyətin keyfiyyətini yaxşılaşdırır.
Mütəxəssislər açıq havada yemək yeməyin psixoemosional sağlamlığa müsbət təsir göstərən əsas üstünlüklərini də açıqlayıblar.
Əhvalın sabitləşməsi. Açıq məkanda olmaq hiss orqanlarının texnoloji yüklənməsini əhəmiyyətli dərəcədə azaldır. Təbii axşam işığı, təmiz hava və yaşıllıq sinir sisteminin fasiləsiz gərginlik vəziyyətindən çıxmasına kömək edir. Süni işıqlandırma və ekranların işığı orqanizmdə gərginliyi artırdığı halda, təbii mühit insanın özünü təhlükəsiz hiss etməsinə şərait yaradır. Nəticədə gün ərzində yığılan emosional yorğunluq azalır və daxili tarazlıq bərpa olunur.
Zehni yorğunluğun aradan qaldırılması. İş günü ərzində beynin resursları diqqətin saxlanılması və analitik fəaliyyətə sərf olunur. Təbii mənzərələr isə məlumatların emalı üçün əlavə zehni enerji tələb etmir. Ətraf mühitin səsləri və görüntüləri gərginlik yaratmadan qəbul edilir. Buna görə də qısa müddətli açıq hava şam yeməyi belə beynin bərpa proseslərini aktivləşdirərək ona istirahət imkanı yaradır.
Stress hormonlarının azalması. Gərgin günün sonunda insan orqanizmində stress hormonlarının səviyyəsi adətən yüksəlir. Açıq havada yemək qəbulu vegetativ sinir sisteminin rahatlama və bərpaya cavabdeh olan parasimpatik şöbəsinin fəaliyyətini stimullaşdırır. Orqanizm yüksək məhsuldarlığı davam etdirməyə ehtiyac olmadığını anlayır. Nəticədə nəfəsalma ritmi normallaşır, əzələ gərginliyi azalır və bədən bərpa mərhələsinə keçir.
Şüurluluğun artması. Təbiət qoynunda keçirilən nahar və ya şam yeməyi insanın diqqətini "burada və indi" prinsipinə yönəldir. İnsan havanın temperaturunu daha yaxşı hiss edir, küləyin hərəkətini, qoxuları və ətraf səsləri daha aydın qavrayır. Bu isə xüsusi meditasiya üsullarından istifadə etmədən diqqətlilik bacarıqlarını inkişaf etdirməyə imkan verir. Belə təbii təcrübə çox vaxt süni psixoloji məşqlərdən daha əlçatan və effektiv hesab olunur.
Münasibətlərin möhkəmlənməsi. Açıq havada birlikdə yemək ailə və dostluq münasibətlərini gücləndirmək üçün təsirli vasitədir. Televizorun, məişət səs-küyünün və telefon bildirişlərinin olmaması səmimi söhbətlər üçün əlverişli şərait yaradır. Rahat atmosferdə insanlar hisslərini daha asan ifadə edir, qarşı tərəfə daha çox diqqət göstərirlər. Hətta quşları izləmək və ya ətraf mühiti birlikdə müzakirə etmək kimi sadə fəaliyyətlər belə insanlar arasında emosional yaxınlığı artırır.
Mütəxəssislər hesab edirlər ki, açıq havada yemək lüks həyat tərzinin elementi deyil, insanın daxili rahatlığını bərpa etməsinə kömək edən sadə özünəyardım vasitəsidir. Həftədə bir dəfə belə bir ənənənin yaradılması zehni yüklənməni azaltmağa, bədəni rahatlaşdırmağa və ailədaxili münasibətləri daha isti və səmimi etməyə kömək edə bilər.