Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik
Agentliyinin apardığı monitorinq zamanı istifadəçiləri aldadaraq onların
kompüterlərində zərərli əmrlərin icra edilməsinə yönələn saxta “CAPTCHA” səhifələrinin
yayıldığı aşkar olunub.
Manset.az xəbər verir ki, kibercinayətkarlar
əvvəlcə legitim internet resurslarını ələ keçirərək həmin saytlar üzərində
saxta “CAPTCHA” səhifələri yerləşdirirlər. İstifadəçilər sayta daxil olduqda təqdim
edilən yoxlamanı həqiqi hesab edir və onlardan “robot olmadıqlarını təsdiqləmək”
məqsədilə “Windows + R”, “Ctrl + V” və “Enter” düymə kombinasiyalarının icrası
tələb olunur. Nəticədə istifadəçinin cihazında zərərli əmr işə düşür və sistem
komprometasiya oluna bilər.
Belə hallarda
istifadəçi fərqinə varmadan zərərli kodu öz əli ilə işə salmış olur ki, bu da
cihaza zərərli proqramın yüklənməsinə və fərdi məlumatların oğurlanmasına gətirib
çıxarır.
Milli Kibertəhlükəsizlik
Agentliyi bildirir ki, həqiqi “CAPTCHA” yoxlamaları heç vaxt istifadəçidən hər
hansı əmrin icrasını, “Run” pəncərəsinin açılmasını və ya mətnin sistemə
yapışdırılmasını tələb etmir.
Bununla əlaqədar
vətəndaşlara “CAPTCHA” yoxlaması adı altında təqdim olunan əmrləri diqqətlə nəzərdən
keçirmək, əməliyyat sistemini və antivirus proqramlarını mütəmadi yeniləmək, həmçinin
naməlum mənbələrdən gələn keçid və yönləndirmələrə qarşı ehtiyatlı davranmaq
tövsiyə edilir.
Milli Kibertəhlükəsizlik
Agentliyi vətəndaşları kibertəhlükələrə qarşı ayıq olmağa və şübhəli hallarla
qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verməyə çağırır.