İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərsun Holdinq” arasında texnoloji transformasiya, qabaqcıl texnologiyaların tətbiqi və sənaye müəssisələrinin texnoloji inkişafının sürətləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Bu məqsədlə 4SİM-in
icraçı direktoru Fariz Cəfərov ilə “Azərsun Holdinq”in baş icraçı direktoru
Savaş Uzan arasında görüş keçirilib.
Görüşdə “Rəqəmsal
İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində əməkdaşlıq perspektivləri,
“Azərsun Holdinq”in müəssisələrində qabaqcıl texnologiyaların tətbiqi, istehsal
proseslərinin optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması
imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki,
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın
İnkişafına Dəstək Proqramı” yerli müəssisələrdə rəqəmsal transformasiyanın və sənaye
4.0 texnologiyalarının tətbiqinin sürətləndirilməsinə, istehsal və idarəetmə
proseslərinin təkmilləşdirilməsinə, innovativ həllərin tətbiqinə, eləcə də məhsuldarlığın
və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
İstehsal müəssisələrində
texnoloji imkanların genişləndirilməsi, müasir həllərin tətbiqi və proseslərin
daha səmərəli təşkili məqsədilə “Azərsun Holdinq”ə daxil olan “Sun Tea” MMC və
“AzərSüd” MMC proqrama qoşulub.
Görüş zamanı
sözügedən müəssisələrin sənaye 4.0 prinsiplərinə uyğun transformasiyası, mövcud
texnoloji imkanlarının qiymətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və gələcək
inkişaf istiqamətləri müzakirə edilib.
Həmçinin,
innovasiya ekosisteminin inkişafı, insan kapitalının gücləndirilməsi və yeni
birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qeyd edilib ki, bu
istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi sənaye müəssisələrinin
texnoloji transformasiyasının sürətləndirilməsinə, istehsal səmərəliliyinin və
texnoloji hazırlıq səviyyəsinin yüksəldilməsinə, bütövlükdə ölkə
iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək.