Son vaxtlar "Trendyol”, "Temu” və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki, ilkin olaraq 15 manata təklif edilən məhsulun qiyməti səbətə əlavə olunduqda daha yüksək məbləğdə göstərilir. Bu isə onlayn alış-veriş zamanı qiymətlərin şəffaflığı ilə bağlı suallar doğurur.
Bəs məhsulların qiymətinin səbətdə dəyişməsinə səbəb nədir? Bu, endirim kampaniyaları, əlavə xidmət haqları və vergi hesablamaları ilə bağlıdır, yoxsa alıcıları cəlb etmək üçün tətbiq olunan marketinq üsuludur?
Manset.az xəbər verir ki, iqtisadçı Günay Hüseynova Azxeber.com-a açıqlamasında deyib ki, qiymət artımının bir sıra səbəbləri ola bilər:
"Elektron ticarət platformalarında qiymət şəffaflığı istehlakçı etimadının əsas şərtlərindən biridir. Qiymət artımının bir sıra səbəbləri ola bilər. İlk növbədə baxmaq lazımdır ki, bu kimi hallar mütəmadi olaraq təkrarlanırmı ?Əgər mütəmadi olaraq səbəbsiz yerə bu hal təkrarlanırsa istehlakçı hüquqları pozulmuş olur və iqtisadi, eyni zamanda ticarət qanunlarına əsasən satıcı platformadan kənarlaşdırılmalıdır”.
O qeyd edib ki, reallığa qaldıqda isə situasiya bir qədər fərqlidir:
"Reallığa qaldıqda isə situasiya bir qədər fərqlidir. Məhsulun rəngi, ölçüsünə görə əsasən qiymət dəyişə bilir. Elektron ticarətdə mağazaların reklam və qiymət siyasətinə görə fərqlilik göstərə bilir. Məsələn elə geyim var ki, onun yaşıl-xaki rənginə tələbat yoxdur. X bir məhsulun qiyməti qırmızı rənglə ana səhifədə endirim ilə təqdim edilir. Alıcı ağ, qırmızı və ya başqa rəngini seçib səbətə baxdıqda qiymət fərqi görür halbuki qiymət o rənglərə yox digər rənginə aiddir. Bu hal xalça, pərdə kimi məhsullarda da çox rast gəlir. Məsələn qoyulur 1x1 ölçü hər hansısa qiymətə alıcı düşünür ki, qiymət çox münasibdir. Lakin o qiymətə və o ölçüdə qoyulmasında məqsəd odur ki, ilk növbədə alıcı kiçik ölçü sifariş edib keyfiyyətinə baxsın əgər məmnun olarsa o zaman böyük ölçü sifariş etsin. Çünki bu elektron ticarətdir, mağaza istehlakçıdan minlərlə kilometr uzaqlıqdadır, həmçinin də məhsul alıcı üçün özəl ölçüdə kəsilir onun üçün sifariş etmədən öncə ölçünü dəqiqləşdirmək lazımdır. Digər bir səbəb isə əsasən saat fərqinə görə ola bilər. Məsələn Bankın qeyri iş saatında valyuta fərqli ola bilər və buna bağlı olaraq da cüzi valyuta fərqi və vergiyə əsasən qiymətlər cüzi dəyişə bilər”,-deyə iqtisadçı bildirib.