- Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq forum təşkil olunub.
Manset.az xəbər verir ki, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı
ilə keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının nümayəndələri,
bir sıra ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə qlobal əmək bazarında mövcud vəziyyət, məşğulluğun
yeni formaları, peşə hazırlığı, süni intellekt dövründə işçilərin əmək
hüquqları və sosial müdafiəsi, dəyişən əmək şəraitində həmkarlar ittifaqlarının
rolu müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri Sahib Məmmədov forum çərçivəsində təşkil olunan “Avtomatlaşdırma və məşğulluq.
Ədalətli keçid” panel sessiyasında çıxış edərək rəqəmsal transformasiya
prosesində insan amilinin önəmini, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin
vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, texnoloji tərəqqi sosialyönümlü
olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli şəraitdə
işləməsinə xidmət etməlidir.
Konfederasiya sədri bildirib ki, Azərbaycanda rəqəmsal
və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar
inkişafı, yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlər
görülür və bu mühüm məsələ daim dövlətimizin başçısının diqqət mərkəzindədir.
Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Strategiyanın həyata
keçirilməsi, ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə idarəetmə
və nəzarəti təşkil etmək məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal
İnkişaf Şurası yaradılıb.
Tədbirdə süni intellekt dövründə həmkarlar
ittifaqlarının qarşısında duran yeni vəzifələr, əmək münasibətlərində rəqəmsal
transformasiyanın yaratdığı dəyişikliklər, həmkarlar ittifaqlarının bu prosesdə
iştirakı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri
barədə fikir mübadiləsi aparılıb.