ABŞ-nin OpenAI şirkəti cəbr, ədədlər nəzəriyyəsi, nəzəri kompüter elmləri, riyazi məntiq və topologiya da daxil olmaqla müxtəlif sahələrdə riyazi məsələlər üzrə süni intellektin əldə etdiyi 377 yeni nəticəni yayımlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu nəticələrin hazırlanması üçün daha əvvəl ictimaiyyətə təqdim edilməmiş qabaqcıl süni intellekt modelindən istifadə edib.
Nəticələr OpenAI-nin sentyabr ayında “Minilliyin problemləri”ndən biri olan və mayelərin hərəkətini təsvir edən Navye-Stoks tənliklərinin həllinə dair nəticə əldə etdiyini açıqlamasından sonra təqdim olunub. Şirkət həmin nəticə ilə bağlı həm riyazi izahı, həm də Lean dilində rəsmiləşdirilmiş sübutu yayımlayıb.
OpenAI-nin yeni açıqlamasına görə, süni intellekt cəbr, ədədlər nəzəriyyəsi, nəzəri kompüter elmləri, riyazi məntiq və topologiya kimi müxtəlif sahələrdə 377 yeni riyazi nəticə əldə edib.
Navye-Stoks tənlikləri ilə bağlı işdə olduğu kimi, yeni nəticələr də hələ ictimaiyyətə təqdim edilməyən daha qabaqcıl süni intellekt modelindən istifadə edilməklə əldə olunub.
Şirkətin yaydığı yazılı açıqlamada bildirilib ki, hər bir nəticənin əldə olunması orta hesabla təxminən 3 saat çəkib.
Açıqlamada qeyd olunub ki, sübutların əsas məntiqinin düzgünlüyü “Lean” adlı proqramlaşdırma dili vasitəsilə yoxlanılıb. Riyazi sübutların kompüter tərəfindən yoxlanılmasına imkan verən Lean dilində hazırlanmış rəsmiləşdirmələrin sayı yeni işlər tamamlandıqca artırılacaq.
Şirkət həmçinin riyaziyyat sahəsində süni intellekt tərəfindən əldə edilən nəticələrin elmi ictimaiyyətə təqdim olunması üçün ən uyğun üsulların müəyyənləşdirilməsi məqsədilə müstəqil məsləhət qrupu ilə məsləhətləşmələrin aparıldığını bildirib.
Açıqlamada süni intellektin əldə etdiyi riyazi nəticələrin daha yaxşı anlaşılmasına dəstək məqsədilə seminarlar, konfranslar və xüsusi proqramların maliyyələşdiriləcəyi vurğulanıb. OpenAI qabaqcıl süni intellekt modellərinin elm sahələrində sınaqdan keçirilməsinin də davam etdiriləcəyini qeyd edib.
OpenAI, həmçinin 10 məsələnin həlli ilə bağlı süni intellekt modelinin nəticəyə necə gəldiyini izah edən xülasələri də yayımlayıb. Şirkətin məlumatına görə, açıqlanan nəticələr üzrə istifadə olunan hesablama resursu hər məsələ üçün orta hesabla təxminən üç saatlıq ChatGPT Pro düşünmə imkanına bərabər olub.