Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək, güclü gənclik - dayanıqlı gələcək” tədbiri keçirilib.
Manset.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra layiqli əməyə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən Konfederasiya sədrinin müavini Musa Mirzəyev layiqli əmək və onun əsas prinsiplərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması istiqamətində formalaşdırılan hüquqi və institusional mexanizmlər barədə məlumat verib. Vurğulanıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri vətəndaşların maddi rifahının daha da yüksəldilməsinə xidmət edir.
Musa Mirzəyev həmçinin işçilərin təhlükəsiz və sağlam şəraitdə çalışması və layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının rolundan söz açıb, ölkəmizdə gənclərin əmək bazarında rolunun genişləndirilməsindən, işçilərin rəqəmsallaşmanın əmək münasibətlərinə gətirdiyi dəyişikliklərə hazırlanmasından və peşə bacarıqlarının artırılmasından bəhs edib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxışında BƏT-in layiqli əmək gündəliyindən, təşkilatla Azərbaycan arasında əmək və sosial sahədə əməkdaşlığın önəmindən danışıb, layiqli əmək prinsiplərinin təşviqi ilə bağlı fikirlərini səsləndirib.
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin departament direktoru Fidan Mahmudova gənclərin iş həyatına hazırlanmasında layiqli əmək prinsiplərinin əhəmiyyətini, peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsinin və işçilərin dəyişən əmək dünyasına adaptasiyasının vacibliyini diqqətə çatdırıb.
SOCAR Neft Daşları Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, həmkarlar ittifaqının üzvü Bəxtiyar Muradov çalışdığı müəssisədə layiqli əmək şəraiti ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan Tibb Universitetinin tələbəsi, “AHİK könüllüsü” layihəsinin iştirakçısı Təranə Kazımova isə layiqli əməyin gənclərdə iş həyatına marağın formalaşmasında rolunu vurğulayıb.
Çıxışlardan sonra işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında fəallığı ilə seçilən Konfederasiyanın üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.Tədbir bədii hissə ilə davam edib.