Azərbaycana qarşı qərəzli, ikili standartlara söykənən qərəzli mövqe görmək artıq rəsmi Bakını təəccübləndirmir. Necə ki, iki aydır ermənilər Laçındakı Sərhəd Keçid Məntəqəsindən (SKM) keçməklə Qarabağdan-Ermənistana, Ermənistandan-Qarabağa keçə bildikləri, bununla bağlı videofaktların mövcud olduğu halda günlər öncə Fransa XİN-i yenə bəyanat yaydı ki, blokada var.
Fransa həqiqətənmi Qarabağ ermənilərinin blokadada olduğunu düşünür? Təbii ki, xeyr! Bunlar bu boyda SKM-i görməyhansı ədalət prinsipindən söhbət edə bilərlər axı. Emanuel Makrona erməni, onların gələcək taleyi lazım deyil. Fransa kimi dövlətlərə Ermənistan kimi iradəsiz siyasi rəhbərliyi olan dövlətlər öz ambisiyalarını irəli sürmək, maraqlarını təmin etmək məqsədi ilə gərəkdir. Sonra nə o Ermənistan, nə də onun xalqı heç kimə lazım olmayacaq. Necə ki, biz buna tarixin müxtəlif dönəmlərində şahid olmuşuq.
Özlərini hər zaman hami axtaran, birinin forpostu, digərinin nökəri, o birinin "bacısı" olmaqla mövcudiyyətini qoruyub saxlamaq barədə düşünən Ermənistan hərbi-siyasi rəhbərliyi indi işini çətinə salıb. Rəsmi İrəvan belə bir vəziyyətdə kimə xidmət etməli olduğunu da az qala qarışdırıb. İran, Fransa, ABŞ və Rusiya arasında var-gəl edən rəsmi İrəvan daha anlamır ki, onun gələcək taleyi bu adı çəkilən dövlətlərdən yox, məhz regionun əsas aktoruna çevrilən, günü-gündən beynəlxalq çəkisi sürətlə artan, qlobal miqyasda söz sahibinə çevrilməyi bacaran rəsmi Bakı və Ankara ilə dil tapmaq ən sadə çıxış yoludur. Onsuz da Ermənistan kimə arxalansa da sonda Azərbaycan və Türkiyənin qərarı onun regiondakı vəziyyətində həlledici olacaq.
Reallıq isə heç də Ermənistanın düşündüyü kimi deyil. Yəni Fransaya görə də Qarabağda nə qədər az erməni qalsa bir o qədər yaxşıdır, çünki, firənglər də sabah kefləri istəyəndə Azərbaycanın zəhləsini tökməyə səbəbləri olacaqlarını zənn edirlər. Lakin belə görünür ki, Fransa modelini əsas götürərək Elzas və Lotaringiyadakı almanlar kimi, eləcə də Polşadakı almanları, Çexoslavikiyadakı Sudet vilayətindəki almanları 1945-ci ildən sonra necə "reinteqrasiya" etdilər, biz də elə edək gərək.
Əks təqdirdə Azərbaycanla Ermənistan arasında sülh sazişi 44 günlük müharibədən sonra heç olmadığı qədər yaxınlaşdığı bir vaxtda Ermənistanın istər Naxçıvan, istərsə də digər sərhədlərimiz istiqamətində intensiv hərbi təxribatlarına, eyni zamanda rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq qərarlarına tez-tez rast gələcəyik. Necə ki, Ermənistan hakimiyyəti hökumətin iclasında iki gün əvvəl qondarma qərarı ilə diqqət mərkəzinə düşdü. Rəsmi İrəvan qərar qəbul etdi ki, Qarabağdakı separatçılara əlavə 7,4 milyon dollar ayıracaq. Bu vəsait 2023-cü ilə qədər təxminən 350 milyon dollar həcmində nəzərdə tutulan illik kreditə əlavə olaraq veriləcək.
Bəli, bunu son həftəyə kimi bir ay az qala dünyanın gözü qarşısında bütün platformalarda Qarabağın Azərbaycanın 86.6 min km/kv suveren ərazisinə daxil olduğunu etiraf edən, bar-bar bağıran Nikol Paşinyan hakimiyyəti etdi. Səsləndirdiyi boğazdan yuxarı bəyanatlarla dünyaya özünü sülhpərvər göstərsə də əməldə Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyən, Azərbaycanın legitim ərazilərində qondarma rejim qalıqlarını maliyyələşdirməklə sepratizmi yenidən hər vəchlə alovlandırıb bölgədə sabitlyi pozmağa cəhd edən Ermənistandan sülh sazişini öz xoşluğu ilə belə bir tezlikdə imzalayacağı inandırıcı görünmür.
Lakin Ermənistan sülh istəmirsə, bu Azərbaycana da heç lazım deyil. Çünkü bu, daha çox Ermənistana lazımdır. Bu məqama ötən gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı xüsusilə toxunub.
“Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu bəyanatla Prezident İlham Əliyev növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına xatırladıb ki, 44 günlük müharibə ilə geosiyasi reallığı dəyişən Azərbaycan heç kimə güzəştə getməyəcək və bu gün güclü tərəf kimi beynəlxalq hüququn bütün norma və prinsipləri əsasında öz tələblərindən bir addım da geri çəkilmək fikrində deyil.
İndi yaxşı olar ki, daha çox xəbərdarlıq mesajı da adlandıracağımız dövlət başçısının bu çıxışını Ermənistan hərbi-siyasi rəhbərliyi diqqətlə analiz etsin. Çünkü əks təqdirdə rəsmi İrəvanın növbəti yanlış nəticə çıxarması elə Ermənistanın özündə böyük fəsadlarla müşahidə oluna bilər. Ona görə ki, Nikol Paşinyan hakimiyyəti bir məsələni bilməlidir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz və Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahib olmağımız bizə strateji üstünlüyü təmin edir. Bunun isə hansı nəticələrə gətirib çıxaracağını heç olmasa Ermənistanın mövcud hakimiyyətində çox güman ki, bir nəfər də olsa bilən var.
Atabəy Türkel