“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə “Tarix yazan əbədiyaşar Lider” adlı tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatları- Elnur Allahverdiyev, Ülvi Quliyev, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayonun fəal gəncləri iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Tarix yazan əbədiyaşar Lider” adlı videoçarx nümayiş olunub.
Çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev qeyd edib ki, görkəmli dövlət xadimi, fenomen siyasətçi, uzaqgörən Lider Heydər Əliyevin xalqımız qarşısındakı ölməz, əbədiyaşar xidmətləri çoxdur ki, onlardan ən əsası müasir müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlini qoymasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Mahir diplomat və böyük idarəçilik ustadı olan ümmumilli lider Heydər Əliyevin idarəçilik məktəbini ən zərif incəliklərinə qədər öyrənən Prezident cənab İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı sahəsində, cəmiyyətin demokratikləşdirilməsində və həmçinin beynəlxalq münasibətlərdə özünə məxsus Azərbaycan nümunəsi formalaşdırmağa nail olmuşdur. Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda ulu öndər Heydər Əliyevin imzasının olduğunu, ona görə də Ulu öndərin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığını diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, lokal xarakterli antiterror tədbirləri, eləcə də, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızın ucaldılması Şanlı tariximizə qızıl hərflərlə yazıldı. Təqvimə qırmızı rənglə düşəcək bu tarixi günlər həm də Azərbaycan Prezidentinin 20 illik gərgin, məqsədyönlü fəaliyyətinin nəticəsi, zəfər zirvəsi idi. Məhz ulu öndər Heydər Əliyev ənənələrinə, ideyalarına sadiq qalan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə uğurları daha da artıracaqdır.
Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin könüllülük proqramını uğurla başa vuran bir qrup gəncə sertifikatlar təqdim edilib.