"Müharibə dəhşətdir və biz burada demək olar hər yerdə bu dəhşətin şahidi oluruq"
Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü kanadalı səyyah Erik Abtan Ağdamda deyib.
Səyyah qeyd edib ki, onların ailəsi də qaçqın düşüb və onların da itkinləri var: “Bizim burada gördüklərimiz üzücüdür. Mən burada dağılmış evləri, tikililəri gördüm. Çox dəhşətlidir”.
Kanadalı səyyah, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə də fikirlərini bölüşüb. O vurğulayıb ki, ətrafda yeni tikililəri görmək müsbət enerji verir.
“Bu tikintilər bölgənin və şəhərin gələcəyi üçün çox önəmlidir”, - o əlavə edib.
Qeyd edək ki, bu gün dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.