"AŞPA-nın qərəzli mövqeyi onun çirkin niyyətindən xəbər verir" - Bəxtiyar Nəbiyev

14:02 - 25 Yanvar 2024

\"AŞPA-nın qərəzli mövqeyi onun çirkin niyyətindən xəbər verir\" - Bəxtiyar Nəbiyev

44 günlük İkinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərə “hörmət edən” bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını ortaya qoydu. Onların məsələlərə mahiyyətinə görə və ya hüququn aliliyi nöqteyi-nəzərdən deyil, korporativ maraqlar çərçivəsindən yanaşdıqları bir daha bəlli oldu. Suverenliyini bərpa edən, separatizmə son qoyan Azərbaycan əldə etdiyi nəticələrə görə ona qarşı qərəzli mövqelərin sayı artdı. Fransa başda olmaqla bir sıra qərb ölkələri saxta ermənipərəstlik mövqelərini ortaya qoydular.

Fransanın sərsəm “rəhbərliyi” ilə  başladılan kampaniya günbəgün daha da çirkin və qərəzli xarakter alır. Anti-Azərbaycan təbliğata insan hüquq və azadlıqlarının qorunmasını əsas prinsipləri elan edən təşkilatların cəlb edilməsi isə riyakarlığın pik həddi sayıla bilər. Fransa öz xarici siyasətində ardıcıl buraxdığı nöqsanlar hesabına bu gün dünyaya özünün əsl üzünü göstərmişdi. Azərbaycan öz uğurlu xarici siyasəti nəticəsində Fransanın yüzillərdi həyata keçirdiyi kolonist siyasəti dünyaya yenidən göstərmişdir. Nəticədə Fransa atdığı addımlara görə artıq beynəlxalq siyasətin oyunçusu kimi nüfuzunu itirib, belə olduqda onlar anti-Azərbaycan siyasətini həyata keçirmək üçün digər Avropa ölkələrini prosessə cəlb etməyə çalışır.

Bu çirkin siyasətdə isə Fransa və digər qərb ölkələri “beynəlxalq tribuna” kimi Avropa Şurası, onun bir qolu hesab edilən Avropa Şurası Parlament Assambleyasından “istifadə edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı sərgilədiyi “ikili standart”lar bu təşkilatın məqsəd və prinsiplərindən tam kənara çıxmış, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edir. Azərbaycan bu təşkialta üzv olan gündən dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etməsinə baxmayaraq, məhz Assambleya vaxtilə işğal faktorunun onların predmeti olmadığını qeyd etmiş, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənmişdi.

Təşkilatın “həyasızlığı” o həddə çatıb ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü ilə çıxış edib. Digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyukturaya uyğun davranmaq qərarına gəlib, Avropa Parlamentinin ardınca anti-Azərbaycan mövqe ortaya qoyub.

Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir. Baş verən proseslərə nəzərə salaq; ötən il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsədin ermənilərin “blokada yaşaması”nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma imkan verməyib. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Bütün bunlar da onu deməyə əsas verir ki, AŞPA da Avropa Parlamenti kimi Fransanın alətinə çevrilib. Fransa öz daxili gündəliyini Avropa təsisatlarına daşımaqla Azərbaycan əleyhinə cəbhələr formalaşdırır. AŞPA-nın bu qərarı və Qərbdə ölkəmiz əleyhinə yenidən süni canlandırılan proseslər Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini qəbul edə bilməməsi səbəbindədir.

Məhz bu səbəblərə görə cari ilin 24 yanvar tarixində Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq haqqında qərar verdi. Son olaraq qeyd edək ki, heç kəs Azərbaycanla təhdid dilində danışa bilməz və diktə edə bilməz.

 

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az