Kim Conq Un üçün qızıl dövr yaşanır. Rusiya ilə iki il davam edən hərbi dəstək Şimali Koreyaya 14,4 milyard dollar qazandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu hesabat Seulda yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutunun (INSS) Şimali Koreyanın Rusiyaya təmin etdiyi sursat və əsgər dəstəyi ilə bağlı kəşfiyyat məlumatlarını təhlil etməsi nəticəsində əldə edilib.
Gəlirin böyük hissəsi artilleriya sistemləri, sursat və raketlərin göndərilməsindən əldə olunub. Bu sahənin dəyəri 7 ilə 13 milyard dollar arasında qiymətləndirilir. Rason limanına diqqət yetirən peyk görüntülərini araşdıran analitiklər avqust 2023 ilə dekabr 2025 arasında Rusiyanın gəmilərinin 112 səyahətində 30 min konteyner daşındığını müəyyən ediblər. Bu konteynerlərdə 8 ilə 11 milyon arasında mərmi və raket olduğu bildirilir.
Ukrayna ordusu və Qərb müşahidəçiləri, 2025-ci ilin yazında Kursk cəbhəsində Rusların istifadə etdiyi hər iki top mərmisindən birinin Şimali Koreya istehsalı olduğunu müəyyən ediblər. Həmçinin sahədə təxminən 100 balistik raketin qalıqları da aşkar edilib.