Astronomlar Böyük Partlayışdan cəmi 1,3 milyard il sonra mövcud olmuş qalaktikada bir-birinə yaxınlaşan və birləşmə prosesinə daxil olan üç superkütləli qara dəlik aşkar ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu kəşf kainatın ilkin dövrlərində qara dəliklərin necə sürətlə nəhəng ölçülərə çatması ilə bağlı mühüm suala aydınlıq gətirib.
Beynəlxalq tədqiqat qrupu “Ceyms Uebb” kosmik teleskopunun köməyi ilə işığı Yerə təxminən 12,5 milyard ilə çatan J0148-4214 qalaktikasını araşdırıb. Müşahidələr zamanı qalaktikanın mərkəzində və ətrafında yerləşən üç nəhəng qara dəliyin qaz buludları ilə qidalandığı və tədricən bir-birinə yaxınlaşdığı müəyyən edilib.
Qara dəlikləri birbaşa görüntüləmək mümkün olmasa da, teleskopun qabaqcıl spektrometri onların ətrafında yüksək sürətlə hərəkət edən hidrogen qazının dinamikasını ölçməyə imkan verib. Alimlər bu məlumatlar əsasında qara dəliklərin kütləsini və maddə ilə qidalanma sürətini hesablayıblar.
“Astronomy & Astrophysics” jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, kainatın ilk dövrlərində qara dəliklərin böyüməsinə və bir-biri ilə birləşməsinə səbəb olan proseslər gözlənildiyindən daha sürətli və səmərəli baş verib. Alimlər hesab edirlər ki, üç qara dəliyin gələcəkdə birləşməsi nəhəng kosmik hadisəyə səbəb ola bilər.