Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində ilkin məlumata görə, 8 nəfər həlak olub, 33 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesabında yaydığı açıqlamada Rusiyanın paytaxta raket zərbələri endirdiyini bildirib.
Şəhərin müxtəlif rayonlarında dağıntıların qeydə alındığını bildirən Kliçko, Solomyanka rayonunda uşaq xəstəxanasının binasının zərər gördüyünü qeyd edib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) yaydığı məlumatda isə şəhərin Svyatoşinski, Darnitski və Solomyanka rayonlarında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun Ukraynanın Jitomir vilayətinə də hücum etdiyi qeyd olunub. Hücum nəticəsində 2 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı bildirilib.
Həmçinin hücum səbəbindən vilayətdəki polis idarələrindən birində yanğın baş verdiyi qeyd edilib.