İranın paytaxtı Tehranda Fransa səfirliyinə bağlı olan fransız dili mərkəzi Tehran Baş Prokurorluğu tərəfindən möhürlənib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tehran Baş Prokurorluğundan verilən açıqlamada ölkədəki xüsusi istedadlı şəxslərin aşkar edilərək xaricə gedişlərinin asanlaşdırıldığı əsası ilə Fransa səfirliyinə bağlı fransız dili mərkəzinin möhürləndiyi bildirilib.
Açıqlamada həmçinin sözügedən mərkəzin dil təhsili adı altında milli təhlükəsizliyə təhdid yaradan fəaliyyət göstərdiyi və ölkədə şəbəkə quraraq beyin axınını təşviq etdiyi qeyd olunub.
Fransa Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı verdiyi bəyanatda Tehrandakı dil mərkəzinin bağlanmasına cavab olaraq İran səfirinin nazirliyə çağırılacağını və lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.