Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkrütbəli rəsmiləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməyib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarələrdən biri təcili olaraq Sankt-Peterburq istiqamətinə yönləndirilib.
“Flightradar24” xidmətinin məlumatına görə, Rusiya rəhbərliyini daşıyan bir neçə bort Moskva ətrafında dairələr vurub və eniş etmək üçün marşrutunu dəyişib. Üç təyyarə oktyabrın 9-da Putinin səfərinin başa çatdığı Türkmənistandan qayıdırmış.
Məlumata görə, söhbət nüvə müharibəsi şəraitində belə dövləti və ordunu idarə etməyə imkan verən xüsusi rabitə ilə təchiz olunmuş, “Qiyamət günü təyyarələri” adlandırılan İl-96-300PU-lardan gedir. Putinin konkret hansı göyərtədə olduğu isə dəqiq açıqlanmır.
Onu da bildirək ki, əlavə manevrlərdən sonra iki bort (RA-96020 və RA-96022) “Vnukovo” aeroportuna enə bilsə də, üçüncü “Qiyamət günü təyyarəsi” (RA-96025) Moskvada eniş edə bilməyərək Sankt-Peterburqun “Pulkovo” hava limanına göndərilib.
Həmçinin, Türkmənistandan gələn və içində Rusiya xarici işlər naziri Sergey Lavrovun da olduğu ehtimal edilən adi sərnişin təyyarəsi İl-96-300 (RA-96018) Moskvada eniş etmək üçün hələ də səmada manevrlərini davam etdirir.