"Bu gün dünyamız dərin geosiyasi transformasiyaların yaşandığı, beynəlxalq münasibətlər sistemində və dünya düzənində ciddi dəyişiklərin baş verdiyi yeni bir mərhələdən keçir".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev bildirib. O qeyd edib ki, belə bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən və çoxvektorlu xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal siyasətdə mühüm aktora, etibarlı tərəfdaşa və orta gücə çevrilmişdir:
"Təkcə yola saldığımız aprel ayında baş verən intensiv diplomatik fəaliyyəti, Prezidentin xarici ölkələrə səfəri, ölkəmizə gələn ali səviyyəli qonaqların səfər proqramlarını təhlil etmək kifayətdir ki, dediklərimi təsdiq edim.
1. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri – Avropanın aparıcı dövlətlərindən biri ilə ikitərəfli münasibətlərin yeni müstəviyə keçidinin göstəricisidir.
2. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfəri – Cənubi Qafqazda təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat bağlantılarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
3. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri – yüksək protokol səviyyəsində qarşılanan bu səfər çərçivəsində Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və ikitərəfli əməkdaşlığa dair daha 20 sənədin imzalanması Azərbaycanın Çinlə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu, eyni zamnda bu hadisəni Azərbaycanın Asiya istiqamətindəki siyasətində dönüş nöqtəsi hesab etmək olar.
4. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrə aktiv şəkildə açılması və diplomatik missiyaların qurulması – Azərbaycanın qlobal siyasətində coğrafi şaxələndirmə strategiyasının tərkib hissəsidir.
5. Avropa İttifaqının yeni xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri, Azərbaycan-Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması barədə razılıq – Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcıdır.
6. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri – iki qonşu ölkə arasında gərginliyin aradan qalxması, etimadın bərpası və iqtisadi-humanitar sahələrdə əməkdaşlığın yenidən qurulması baxımından mühüm hadisədir.
7. Mayın 7-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya gözlənilən səfəri – Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşməsi ilə yanaşı, regional təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsini əks etdirir.
8. Mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfəri – Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin davamlılığını bir daha təsdiqləyəcək.
Deputatın sözlərinə görə, ən diqqətçəkən hadisələrdən biri isə Türkiyə və İsrail arasında normallaşma prosesinə Bakının ev sahibliyi etməsi oldu:
"Bu, Azərbaycanın qlobal dialoq və diplomatik körpü, eyni zamanda etibarlı partnyor kimi beynəlxalq etimad mühitindəki lider mövqeyinin sübutudur.Azərbaycanın Çin ilə strateji tərəfdaşlıq, Türkiyə və Rusiya ilə müttəfiqlik sənədi mövcuddur, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi isə yekunlaşmaq üzrədir. ABŞ-ın yeni admisnitrasiyası da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Bu isə o deməkdir ki, dünyanın dörd əsas güc mərkəzindən üçü ilə – Şərq və Qərb arasında – balanslı və praqmatik münasibətlər qurmuşuq.Və bütün bunlar fonunda onu da rahatlıqla demək olar ki, Azərbaycan dünyada nadir və bəlkə də, yeganə ölkədir ki, bir-biri ilə rəqabətdə, hətta açıq qarşıdurmada olan böyük güclər – ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Ukrayna, Türkiyə, İsrail və hətta İran ölkəmizin səmimi tərəfdaşlığına və vasitəçilik qabiliyyətinə inanırlar. Azərbaycan yeni dünya nizamının formalaşdığı bir dövrdə passiv müşahidəçi deyil, öz yerini və maraqlarını aktiv şəkildə müəyyən edən, qoruyan və irəli aparan dövlətdir.Və bu, hər birimiz üçün qürurvericidir".