"Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə görüşündəki çıxışı təkcə cari siyasi vəziyyətin təsviri deyil, həm də Azərbaycanın formalaşdırdığı yeni siyasi reallıqların açıq təqdimatı idi. Bu çıxışda dövlətlərin suverenliyinə birmənalı hörmətlə yanaşılması və onun müdafiəsi, praqmatik sülh siyasəti və xarici təsirlərə qarşı balanslı, lakin sərt mövqe sərgilənməsi kimi əsas prinsiplər konkret şəkildə ortaya qoyuldu".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun fikrincə, çıxışın ən mühüm məqamlarından biri Azərbaycanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün cari ildə İrəvanda keçirilməsini dəstəkləməsi və bunun qarşılığında da Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi faktıdır:
"Bu, formal diplomatik jestdən daha çox, regionda yeni reallığın Azərbaycanın təqdim etdiyi çərçivədə qəbulunun göstəricisidir. Dövlətçilik baxımından bu, Azərbaycanın artıq yalnız hərbi deyil, siyasi və diplomatik müstəvidə də təşəbbüsü ələ aldığını göstərir.
Sülhün praktik nəticələri ilə bağlı təqdim olunan
faktlar isə bu siyasətin yalnız bəyanat səviyyəsində olmadığını sübut edir. Ermənistanın
onilliklər ərzində blokada şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın birtərəfli
şəkildə tranzit məhdudiyyətlərini aradan qaldırması və artıq 28 min ton yükün
bu marşrutla daşınması dövlətin strateji düşüncə tərzindən xəbər verir. Daha da
əhəmiyyətlisi, enerji məhsullarının - benzin və dizelin Ermənistana ixracı
faktiki olaraq iqtisadi və ticari əlaqə mexanizminin işə salınmasıdır. Bu isə
sülhün davamlı təminatlarından biridir.
Eyni zamanda, çıxışda səsləndirilən tənqidlər Azərbaycanın
xarici siyasətində yeni mərhələyə keçidi nümayiş etdirdi. Avropa Parlamenti və
AŞPA-nın açıq şəkildə ikili standartlarda ittiham edilməsi artıq passiv müdafiə
deyil, aktiv siyasi cavabdır. Dövlətçilik baxımından bu, vacib dönüş nöqtəsidir.
Çünki uzun illər beynəlxalq platformalarda selektiv yanaşmalara məruz qalan Azərbaycan
indi bu yanaşmanı açıq şəkildə ifşa etməyi və öz narrativini formalaşdırmağı
seçir".
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa etdikdən sonra sanksiya və təzyiqlərlə üzləşir. Bu
isə beynəlxalq münasibətlərdə “güc və hüquq” dilemmasını bir daha ortaya qoyur.
Prezidentin çıxışında bu ziddiyyət açıq şəkildə qabardıldı və beləliklə, Azərbaycan
özünü yalnız regional aktor kimi deyil, həm də beynəlxalq ədalət məsələsində
prinsipial mövqe tutan dövlət kimi təqdim etdi.
Deputat qeyd edib ki, Avropa Parlamentinə yönələn sərt ittihamlar isə daha geniş kontekstdə qiymətləndirilməlidir:
"Burada məqsəd təkcə konkret qurumu
tənqid etmək deyil, həm də beynəlxalq gündəmin selektiv formalaşdırılmasına açıq
etirazdır. Yəni mesaj aydındır: daxili problemlərini həll edə bilməyən
strukturların başqa dövlətlərə siyasi təzyiq göstərməsi qəbuledilməzdir.
Bununla paralel olaraq, Azərbaycanın sülh gündəliyinə
sadiqliyinin vurğulanması dövlət siyasətində balansın qorunduğunu göstərir. Bir
tərəfdən sərt ritorika, digər tərəfdən real əməkdaşlıq addımları, bu
kombinasiya müasir dövlətçilikdə “sərt güc” və “yumşaq güc”ün sintezidir. Ermənistanla
ticarətin başlanması, nəqliyyat xətlərinin açılması və beynəlxalq təşəbbüslərin
dəstəklənməsi bu siyasətin praktik ifadəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin “Avropa Siyasi
Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə görüşündəki çıxışı Azərbaycanın öz
suverenliyini kompromissiz qoruyan, eyni zamanda regionda sülhü təşviq edən və
beynəlxalq müstəvidə artıq müdafiə olunan yox, mövqe formalaşdıran aktor
olduğunu ortaya qoydu. Dövlətçilik baxımından bu, zəif reaksiyadan və müdafiədən
güclü təşəbbüsə keçidin bariz nümunəsidir".