logo
logo logo
logo

Kamran Əliyev İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR

19:29 - 26 Oktyabr 2026

Kamran Əliyev İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR

Bu gün Baş prokuror Kamran Əliyev ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Manset.az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin korrupsiya hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması və ibtidai araşdırmaların aparılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Bu sahədə həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindən biri kimi “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayan Baş prokuror qeyd edib ki, bu model dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılmasına və korrupsiya risklərinin azaldılmasına xidmət edən səmərəli idarəetmə mexanizmidir.

Görüş çərçivəsində Azərbaycan ilə İƏT arasında münasibətlərin ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq, ölkəmizin təşkilat çərçivəsində fəal iştirakı və İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr qeyd olunub.

Baş prokuror həmçinin oktyabrın 27-28-də Bakıda keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün əhəmiyyətini vurğulayaraq, tədbirin Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinə və əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

Tərəflər korrupsiyaya qarşı mübarizənin cəmiyyətin sabitliyinin təmin olunması, dövlətlərin davamlı inkişafı və iqtisadi dayanıqlılığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlərin müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

İƏT-in Baş katibi qonaqpərvərliyə, səmimi qəbula və Bakıda keçiriləcək yüksəksəviyyəli görüşün təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O həmçinin təşkilat çərçivəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni platformada inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunun təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb, eləcə də tədbirin uğurlu təşkilinə və səmərəli nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az